Komitə sədrinin İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşü keçirildi
Share:
5 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ilə İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım İngrid Tersman ilə görüşü baş tutub.
Görüş çərçivəsində İsveç və Azərbaycan arasında qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı ikitərəfli əməkdaşlıq məsələləri ətrafında danışıq mübadiləsi aparılıb.
Komitə sədri Hicran Hüseynova ölkəmizdə qadınların müxtəlif sahələrdə, eləcə də iqtisadiyyatda, biznes təsisatlarında uğurla təmsil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanda qadın sahibkarlığının inkişafına olan dövlət dəstəyini, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib. Ümumiyyətlə, sahibkar qadınların sayının artırılmasının vacibliyini vurğulayıb.
Komitə sədri, eyni zamanda ölkəmizdə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verərək, bölgələrdə yaradılan monitorinq qruplarının, dövlət qurumlarında gender əlaqələndiricilərinin və Komitənin tabeçiliyindəki 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətini də qeyd edib.
İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İngrid Tersman səmimi qəbul üçün təşəkkürünü bildirərək ilk növbədə nümayişi planlaşdırılan “7 Qadın” sənədli pyesinin təşkilindəki dəstəyə görə minnətdarlığını ifadə edib.
Səfir Komitə ilə əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafı, mentorluq proqramlarının keçirilməsi və gender təhsilinin tətbiqi məsələləri üzrə 3 əsas istiqaməti qeyd edib. Bunlar O təklif edib ki, birgə qadın sahibkarlar üçün böyük sərgilərin təşkil olunması növbəti illərdəki tədbirlər planında nəzərdə tutulmalıdır. Eyni zamanda qaçqın və məcburi köçkünlərin reabilitasiyası üzrə Azərbaycan təcrübəsinin əhəmiyyətini də qeyd edib. İngrid Tersman ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın və İsveçin inkişafına müsbət təsir göstərəcəyini bildirib.