Dövlət Komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikasının Məşhəd şəhərində “İslam dünyasında sosial siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda konfransda iştirak edib
Share:
27 aprel tarixində İran İslam Respublikasının Məşhəd şəhərində “İslam dünyasında sosial siyasət və ailə: tələblər və ehtiyaclar” mövzusunda konfrans keçirilib.
Türkiyə Respublikası, Əfqanıstan İslam Respublikası, Qazaxıstan Respublikası, İndoneziya, Bangladeş, Sudan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi konfransda ailə siyasətinin həyata keçirilməsində dövlət mexanizmi, nikah və ailə institutunun üzləşdiyi problemlər, onların həlli və digər məsələlər müzakirə edilib.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirilən Konfransın İslam dünyası üçün əhəmiyyətini vurğulayıb. O, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında məlumat verərək bildirib ki, Konsepsiyaya əsasən hazırlanması nəzərdə tutulan Azərbaycan ailəsi Strategiyası, Milli Uşaq Strategiyası, Ailə psixoloqu İnstitutu kimi bir sıra mühüm sənədlər təhsildən yayınma və erkən nikah hallarının qarşısının alınması, bu sahələr üzrə nəzarət sisteminin yaradılmasında mühüm rol oynayır. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm layihələr həyata keçirilir.
Daha sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikasının Ailə və Qadın məsələləri üzrə vitse-prezidenti xanım Şahindoxt Mollaverdi ilə ikitərəfli görüşü keçirilib. Görüş çərçivəsində ölkələrarası Memorandum imzalanması məsələsi müzakirə edilib.