“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Sabunçu rayonunda yerləşən 252 N-li məktəb-liseydə keçirilib
Share:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə yeniyetmə və gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə Komitə tərəfindən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə 2016-cı ildə, “İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsinə start verilib. Cari ildə layihə çərçivəsində növbəti tədbir Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə 14 aprel tarixində Sabunçu rayonunda yerləşən 252 N-li məktəb-liseydə yuxarı sinif şagirdləri və valideynlərin, eyni zamanda dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan 252 N-li məktəb-liseyin direktoru Xədicə Əminova tədbirdə iştirak edən ekspertləri və şagirdləri salamlayaraq, bu kimi layihələrin şagirdlər arasında silsilə olaraq keçirilməsinin vacib olduğunu qeyd edib. Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev bu kimi layihələrin əhəmiyyətindən danışaraq, bildirib ki, Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq belə tədbirlərin təşkili üçün hərtərəfli şərait yaradılır, lazımi dəstək göstərilir. O, eyni zamanda əlavə edib ki, bu istiqamətdə mövcud problemlərin öz həllini tapması üçün geniş maarifləndirmə tədbirlərinə daim ehtiyac var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva çıxışı zamanı tədbir iştirakçılarına ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasəti haqqında qısa məlumat verib. Dövlət Komitəsinin hər üç istiqamətdə həyata keçirdiyi genişmiqyaslı layihələr, Respublikamızın bütün bölgələrində təşkil olunan tədbirlərə göstərilən maraq barədə danışıb və məktəbliləri aktiv olmağa, müzakirələrdə fəal şəkildə iştirak etməyə səsləyib. “İnsan alverinin qurbanı olma!” adlı təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov tədbir iştirakçılarına insan alverinin qurbanı olmuş şəxslərin yaşadığı çətinliklər, mövcud vəziyyət və həlli yolları, bu istiqamətdə aparılan dövlət siyasəti haqqında geniş məlumat verib. Çıxışlardan sonra tədbir iştirakçılarına Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 2009-cu ildən etibarən həyata keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilən və insan alveri mövzusunu geniş əhatə edən “Günahkarlar yoxsa günahsızlar” adlı film nümayiş etdirilib. Daha sonra müzakirələr aparılıb, şagirdlərin mövzu haqqında fikirləri dinlənilib.
Sonda Komitə tərəfindən hazırlanan və çap edilən maarifləndirmə vəsaitləri məktəb-liseyin kitabxanasına təqdim olunub.