“İnterdom” Beynəlxalq uşaq evinin məzunlarının növbəti görüşü
Share:
28 sentyabr 2014-cü il tarixində “AF-Hotel”də Rusiya Federasiyası İvanovo şəhərində yerləşən “İnterdom” Beynəlxalq uşaq evinin yaranmasının 81 illiyini qeyd etmək məqsədi ilə növbəti görüş-konfransının rəsmi açılış mərasimi keçirilmişdir.
Konfransda dünyanın 50 ölkəsindən olan 150-dək məzunlarının eləcə də Azərbaycan nümayəndə heyəti iştirak etmişlər. Konfransı giriş sözü ilə “İnterdom” Məzunları Assosiyasının sədri cənab Vanqelis Ksirotiris açdı. Sonra çıxış üçün söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanovaya verildi. O, öz çıxışında Konfras iştirakçılarını salamlamış, Azərbaycanda ailə institutu, dövlət rəhbərliyi tərəfindən ailələrə, uşaqlara göstərilən qayğı və diqqət haqqında ətraflı məlumat vermişdir. Daha sonra Rusiya Federsiyasının ictimai-siyasi və elm xadimi Serqey Baburina söz verildi. O, öz çıxışında konfrans iştirakçılarına Rusiya Federasiyasının Xarici İşlər naziri cənab Serqey Lavrovun təbrik məktubunu çatdırdı və Konfransın yüksək səviyyədə keçirilməsində Azərbacan rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi.
Konfrans çərçivəsində məzunları maraqlandıran bir çox məsələlər müzakirə olundu, gələcəkdə Azərbaycanla daha sıx əlaqələrin yaradılması barədə ətraflı danışıqlar aparıldı. Tədbirin sonunda konfrans iştirakçılarına rəsmi ziyafət verildi.
Tədbirin daha geniş şəkildə keçirilməsi üçün KİV nümayəndələri iştirak etmişdir.