Проведена конференция на тему: «Национально – духовные ценности семьи: традиции и современность»
Share:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda konfrans keçirib. Konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, Komitənin sədri Hicran Hüseynova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, həmçinin, millət vəkilləri Kamilə Əliyeva, Bəxtiyar Əliyev, Aytən Mustafayeva, eyni zamanda QMİ sədrinin müavini Qəmərxanım Cavadlı, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və ictimaiyyətin tanınmış nümayəndələri, ilahiyyatçılar, dini icma rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində hər iki Komitə arasında “2015-1016–cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı” imzalanıb.
Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması olduqca vacibdir. Bu gün əsas vəzifələrdən biri Azərbaycanda islami dəyərləri qoruyub saxlamaq, müəyyən dairələrin din pərdəsi altında öz siyasi məqsədlərini reallaşdırmaq cəhdlərinin qarşısını almaqdır.
Qeyd olunub ki, sosial-iqtisadi sahədə uğurlara imza atan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməkdədir. Sosial-iqtisadi həyatda dəyişikliklər mənəvi-psixoloji mühitə də öz təsirini göstərir. Cəmiyyətdə ailə və gender məsələlərinə diqqət artır. Azərbaycan əhalisinin 50.3 faizini təşkil edən qadınlar cəmiyyətdə böyük təsir qüvvəsinə malikdir.
Komitənin sədri xanım Hicran Hüseynova vurğulayıb ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi bütün dünyada aktual problemdir. Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.
Məlumat verilib ki, ailənin inkişafı və sosial təminatı qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin konsepsiyaya əsasən Azərbaycan dövlətinin inkişafı və gələcək islahatların istiqamətləri müəyyən edilib. Bununla bağlı “Azərbaycan ailə strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Mili Fəaliyyət Planının, həmçinin uşaq strategiyasının hazırlanması və “Ailə psixoloqu” institutunun yaradılması nəzərdə tutulur.
Bildirilib ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər Azərbaycanın milli, dini dəyərlərinin regionda və dünyada təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır.
Milli Məclis sədrinin müavini Bahar Muradova mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, ki, milli mənəvi ailə dəyərlərinin inkişafı prosesi daimi olmalıdır. Ailə institutunun qorunması, milli mənəvi, dini dəyərlərin hüquqi çərçivədə reallaşdırılması yolu cəmiyyətə aşılanmalıdır.
Bahar Muradova bu sahədə kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, dövlət ailə siyasətinin prioritetləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailə institutunun möhkəmləndirilməsinə böyük önəm verir. Çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsi milli mənəvi ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva qeyd edib ki, qloballaşma dövründə Azərbaycan xalqının milli mənəvi dəyərlərinin təbliği və qorunması vacib şərtlərdəndir.
Tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatları Aytən Mustafayeva,Kamilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı və digər çıxış edənlər vurğulayıblar ki, Azərbaycan cəmiyyətində ailə institutu milli mənəvi missiyasını daha dolğun şəkildə qoruyub saxlayır. Ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir.
Konfransda ekspertlərin iştirakı ilə Azərbaycanda ailə institutunun sosioloji, kulturoloji və psixoloji məqamları, onun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu kimi mövzular müzakirə olunub.