Bahar Muradova Komitə könüllüləri ilə görüşüb
Share:
28 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova növbəti könüllülük proqramının yekunu ilə bağlı könüllülərlə görüşüb.
Görüş iştirakçılarını salamlayan Bahar Muradova, gənclərlə işin Komitənin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu qeyd edib. O, könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu vurğulayıb.
Ölkədə cənab İlham Əliyevin rəhbərliyi ilə könüllülük hərəkatı ilə bağlı həyata keçirilən fəaliyyətə diqqət çəkən sədr, gənclərə cəmiyyətdə baş verən proseslərin iştirakçısına çevrilməyi, daim öz üzərlərində çalışmağı tövsiyə edib, onlara təhsil, karyera həyatlarında, ictimai fəaliyyətlərində uğurlar arzu edib.
Çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, könüllülük proqramı üçün 43 nəfər müraciət etmiş, onlardan 17 nəfəri proqramı uğurla bitirmişdir. Sədr müavini proqram çərçivəsində könüllülərin fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.
Qeyd edilib ki, Komitənin əməkdaşları tərəfindən könüllülərə sosial işdə professional bacarıqlar, sosial işin təşkili, ailə və uşaqlarla psixososial iş, həmçinin şəxsi inkişaf və karyera planlaşdırılması, məişət zorakılığı, insan alveri və məcburi əmək, erkən nikah və qohumlararası nikah, mediada gender məsələləri və uşaq mövzularının işıqlandırılması mövzularına dair təlimlər keçirilib.
Könüllülər həmçinin Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər edib, fəaliyyəti ilə yaxından tanış olublar, uşaqların aktiv öyrənmə və loqopedik məşğələləri izləyiblər. Könüllülər Mərkəz əməkdaşları, məktəb psixoloqları, uşaq inkişafı üzrə mütəxəssislər üçün təşkil edilmiş təlimlərdə iştirak ediblər.
Daha sonra könüllülər çıxış edərək fikirlərini bölüşüb, Komitənin fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər. Gənclər onlar üçün yaradılan təcrübə mübadiləsi imkanına görə təşəkkür ediblər.
Sonda könüllülərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, könüllülük proqramının təşkil olunmasında məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gəncliyin potensialından səmərəli istifadə etməkdir.