Komitə sədri Lənkəranda vətəndaşlarla görüşüb
Share:
22 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Lənkəran şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran şəhərindən, həmçinin Lerik və Astara rayonlarından olan sakinlər iştirak ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib.
Mövzular əsasən hüquqi yardım, işlə təmin olunma, çətin tərbiyə olunan uşaqlar üçün xüsusi mərkəzin yaradılması, Lənkəran şəhərində Qadın Resurs Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı təklif, həmçinin digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.