“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın birinci gününə yekun vurulub

6 December 2023

Share:

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin moderatorluğu ilə baş tutan 1-ci paneldə “Zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları” mövzusu üzrə panel müzakirələri edilib.

Sessiyada Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzovun, Sumqayıt Şəhər məhkəməsinin hakimi Zaur Hacıyevin, BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A.Khanın, Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rəfail Süleymanovun, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Şəfa Camalzadənin mövzu ətrafında çıxışları dinlənilib.

Müzakirələr zamanı məişət zorakılığına dair problemlərin cinayət hüquqi aspektləri, zorakılığa məruz qalmış şəxslərin cinayət təqibini həyata keçirən orqanlarda müraciətlərinə baxılması qaydası, həmçinin aidiyyəti üzrə orqanların fəaliyyətinin koordinasiyalı şəkildə həyata keçirilməsindən danışılıb.

Növbəti panel sessiyada “Məişət zorakılığı hallarının profilaktikası və aşkarlanması’’ndan bəhs edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluğu ilə keçirilən 2-ci panel sessiyada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini polis mayoru İmran Əliyev, Minsk şəhəri İcraiyyə Komitəsinin Əmək, Məşğulluq və Sosial Müdafiə Komitəsinin sədr müavini, Olqa Vasilevskaya Belarus Respublikası Minsk şəhər Ailə və Uşaq Mərkəzi dövlət müəssisəsinin direktoru Olqa Nikolaevna Druhal, Elm və Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova mövzu üzrə onlara ünvanlanmış sualları cavablandırıblar.

Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırılmaqla tətbiq olunması, məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, bu istiqamətdə səmərəli cavab mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Konfrans növbəti gün də davam edəcək.