Paytaxt məktəblilərinin iştirakı ilə Debat Forumu keçirilib.

20 November 2023

Share:

“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın birgə təşkilatçılığı ilə icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş maarifləndirmə kampaniyası çərçivəsində paytaxt məktəblilərinin iştirakı ilə Debat Forumu keçirilib.

Forumun məqsədi məktəbliləri öz hüquqları barədə maarifləndirmək, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək, eləcə də onların bilik və özünü ifadəetmə bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək verməkdir.

Forumda təşkilatçı qurumların mütəxəssislərinin iştirakı ilə gələcəyimiz olan uşaqların hüquq və haqlarının müdafiəsi sahəsində dövlət siyasətinin konseptual əsasları və davamlı inkişafı istiqamətində görülən işlər, bu sahədə mövcud olan əsas problemlər və həll yolları müzakirə edilib. Uşaqların öz hüquqları barədə hərtərəfli məlumatlı olmasının vacibliyi vurğulanıb.

“Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə təşkil edilmiş forumda, həmçinin Bakı şəhəri üzrə 10 ümumtəhsil məktəbində təhsil alan 100-dən çox şagird üçün Milli Debat Proqramının təlimçiləri tərəfindən müxtəlif mövzularda təlimlər keçirilib, uşaq hüquqları ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb, komandalar şəklində verilmiş mövzular üzrə debatlar aparılıb.

Tədbirin sonunda komandalara və bütün iştirakçılara sertifikatlar təqdim edilib.