Regionlarda Qubadlı Şəhəri Günü qeyd edilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Zərdab, Hacıqabul, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə 25 Oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə mərkəzlərdə və təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilib, şəhid ailələri ziyarət edilib.
Tədbirlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, mərkəzin ekspert qruplarının üzvləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Keçirilən bütün görüşlərdə iştirakçılara 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun şanlı qələbəsi, Qubadlının tarixi və təbiəti, işğaldan azad olmuş ərazilərin, o cümlədən Qubadlının yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verilib.
Müharibə iştirakçıları məktəblilərə döyüş xatirələrindən, Azərbaycan hərbçilərinin göstərdikləri şücaətdən danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
Eyni zamanda şagirdlər tərəfindən vətənpərvərlik ruhunda, qələbəyə həsr edilmiş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub, Qubadlıdan bəhs edən videoçarx nümayiş etdirilib, mövzu ilə əlaqədar hazırlanmış sərgiyə baxış keçirilib.