Dövlət Komitəsinin sədri Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb
Share:
18 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində Bakıya səfər edən Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində Millət vəkilləri Çiğdem Erdoğan Atabek, Ruken Kilerci, Aliye Timisi Ersever, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Qadının Statusu üzrə baş direktor Gülser Ustaoğlu, eləcə də müxtəlif assosiasiya və təşkilat rəhbərləri təmsil olunurlar.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və müvafiq sahədə reallaşdırılması mümkün layihələr ətrafında müzakirə aparılıb.
Qonaqları salamlayan Bahar Muradova, Azərbaycan üçün əlamətdar bir gündə - Müstəqilliyin Bərpası Günündə dost, qardaş ölkənin nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında tarixi köklərə və qardaşlığa söykənən münasibətlərdən danışıb, hər bir sahədə olduğu kimi, qurumlar arasında da uzun illik yüksək səviyyəli əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırıb. Komitə sədri imzalanmış Əməkdaşlıq Protokolundan söz açaraq, bu əməkdaşlığın ölkələr arasındakı dostluq münasibətlərinə töhfə olacağını bildirib.
Ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçiriləcək Azərbaycan Qadınlarının VI Qurultayından danışan B.Muradova əlavə edib ki, tarixi Zəfərdən sonra Azərbaycan qadınları ilk dəfə belə geniş tərkibdə toplaşacaq: “Hesab edirəm ki, müzakirələrimiz, birlikdə qəbul edəcəyimiz qərarlar, hər iki dövlətin, eləcə də digər dost ölkələrin ümumi maraq və mənafeləri uğrunda qadınların birliyinə töhfə verəcəkdir. Çünki qadınlar hansı cəmiyyətdə fəaldırsa, həmrəydirsə, o ölkədə demokratiya, azadlıq, rifah və çiçəklənmə var”.
Səmimi qarşılamaya görə təşəkkürünü bildirən Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü, əldə etdiyi böyük Zəfər münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın torpaqlarının işğaldan azad olunması yolunda canını fəda edən Vətən müharibəsi şəhidlərinə rəhmət, yaralılara şəfa diləyib. Türkiyədə baş verən zəlzələdə azərbaycanlıların yardım göndərə bilmək üçün göstərdikləri fədakarlıqdan söz açan nazir qeyd edib ki, ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətləri xalqlarımızı bir-birinə qarşı daha həssas edib.
Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərindən söz açan M.Göktaş, iki ölkə rəhbərinin imzaladığı Bəyənnanmə ilə əlaqələrin müttəfiqlik səviyyəsinə çatdığını qeyd edib. O, qardaş ölkələrin müvafiq qurumları arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən qəbul edilmiş Milli Fəaliyyət Planının bu gün uğurla icra edildiyini diqqətə çatdırıb. Nazir, Qurultayın qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından önəmini qeyd edib və iştirakından məmnunluğunu ifadə edib.
Görüşdə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, aparatın rəhbəri Ceyran Rəhmətullayeva, sədrin köməkçisi Teymur Məmmədov və struktur bölmə rəhbərləri iştirak ediblər.