Dövlət uşaq müəssisələrində maarifləndirici görüşlər keçirilib

16 October 2023

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy, Göygöl, Zaqatala, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi, sosial-psixoloji və sosial-məsləhət yardımlarının göstərilməsi istiqamətində həmin rayonlarda və yaxın ərazilərdə yerləşən dövlət uşaq müəssisələrində maarifləndirici görüşlər keçirilib.

Bakı şəhəri Xəzər rayonu 2 №-li ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, Gəncə şəhər 3 saylı Uşaq evi, Şəki şəhər və Goranboy rayon İnteqrasiya təlimli internat tipli gimnaziyalarda keçirilmiş tədbirlərdə UADM-lərin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, təhsil müəssisələrinin müəllim-şagird kollektivi, psixoloqlar, mərkəzlərin ekspert qruplarının üzvləri iştirak ediblər.

Görüşlərdə çıxış edənlər dövlət uşaq müəssisələrinin məzunların qayğı və yaradılan iş imkanları barədə məlumat verib, psixoloji söhbətlər aparıb, onlara peşə təhsili və məşğulluqla bağlı tövsiyələr veriblər.

Eyni zamanda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, təklif və istəkləri dinlənilib.