“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti təqaüd proqramının təqdimat mərasimi keçirilib

11 October 2023

Share:

11 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə  “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı -2023”-ün təqdimatı baş tutub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ardınca layihəyə həsr olunmuş video-çarx nümayiş olunub.

 Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, artıq üç ildir ki, həyata keçirilən bu əhəmiyyətli layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. O, qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.

B. Muradova ölkəmizin ən şərəfli və qürurlu anlarının yaşandığını, dünyada hələ də münaqişələrin baş verdiyi çətin bir zamanda Azərbaycanın regionda yüz illərə dayanan müharibəni, ağır yaranı kəsib atmağı bacardığını qeyd edib. O əlavə edib ki, işğaldan azad olunan ərazilərə qayıdacaq gənclərin savadlı və peşəkar olmaları, ölkəmizin hər bir guşəsinə inkişaf və çiçəklənmə apara bilmələri üçün çalışmalıyıq. Komitə sədri Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolu davam etdirən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər bir regionumuza sülhün qayıtdığını, ölkəmizin daha da inkişaf etdiyini və Azərbaycanın dünyaya yeni bir nümunə sərgilədiyini diqqətə çatdırıb.

Ötən il Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyi arasında niyyət protokolunun imzalandığını xatırlayan B. Muradova, Təhsilin İnkişafı Fondu ilə də fəaliyyət planının imzalandığını söyləyib. Əməkdaşlığın davamı kimi şəffaf, açıq və nəticə yönümlü işlər görüldüyünü qeyd edən Komitə sədri, cəmiyyətə çağırış edərək, hamını bu layihəyə qoşulmağa dəvət edib.

Çıxışının sonunda o, təhsil həyatının mühüm addımı kimi ölkəmizin öndə gedən ali məktəblərinə daxil olan gənc qızları təqaüd qazanmaları münasibətilə təbrik edib, layihəyə dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan ölkə kimi Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur. Maarifçilik və xeyriyyəçilik ənənələrimizdən bəhs edən nazir Şərqdə ilk qızlar məktəbinin ölkəmizdə fəaliyyətə başlamasını xalqımız üçün böyük dəyərlərdən biri kimi qiymətləndirib. Təqaüd proqramlarının əhəmiyyətindən söz açan nazir bildirib ki, bu proqramın şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir. O, üç ili tamam olan bu layihənin qızların təhsilinə, gələcək inkişafına töhfə baxımından vacib və simvolik rol oynadığını qeyd edib.

E.Əmrullayev qızların təhsilə cəlb edilməsi və bu prosesə dəstək göstərilməsinin prioritet vəzifələrdən olduğunu vurğulayıb, qadınların təhsilli, geniş dünyagörüşlü olmasının uşaq və gənclərimizin də nümunəvi tərbiyə və təhsilinin formalaşmasına səbəb olacağını bildirib.

Çıxış edən Milli Məclisin deputatı, MM-in  Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edərək, növbəti illərdə sayın daha da artacağına ümidini ifadə edib. Bildirib ki, bu gözəl təşəbbüsə bütün təşkilatların, sahibkarların qoşulması,  dəstək göstərənlərin sayının artması çox  önəmlidir. Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi istiqamətində Birinci vitse-ptezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən söz açan millət vəkili, bu layihələr çərçivəsində gənclərin dövlət qayğısı ilə əhatə olunduğunu söyləyib. B.Əliyev qadınlara Avropada ilk seçim haqqı verən ölkə kimi, tarixən Azərbaycanda qadınların cəmiyyətdə aparıcı rola malik olduğunu diqqətə çatdırıb, bu gün qızlara göstərilən dəstəyin cəmiyyətin dayanıqlı inkişafının əsası olduğunu qeyd edib.

“Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı”nın bir ilinin tamam olduğunu bildirən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, təqaüd alan qızların əksəriyyərinin yüksək bal topladıqlarını bildirib. Fondun bugünədək həyata keçirdiyi layihələrdən, təqaüd proqramlarından söz açan E.Nəsibov, bu sahədə əməkdaşlıqların genişləndirildiyini, yeni qurum və təşkilatların bu işə cəlb olduğunu vurğulayıb.
Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “BP”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr, dəstək göstəriləcək 54 tələbəyə isə sertifikat və gül dəstələri təqdim edilib.
Tədbir bədii hissəylə davam edib. Sonda xatirə fotosu çəkdirilib.