BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin müzakirəsi məqsədilə müvafiq işçi qrupunun iclası keçirildi
Share:
Məlum olduğu kimi, 23-24 yanvar 2023-cü il tarixində BMT-nin Uşaq Hüquqları Komitəsinin Cenevrə şəhərində keçirilmiş 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilmişdi.
Sessiyaya hazırlıq ərəfəsində Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış geniş tərkibli İşçi qrupunun səmərəli fəaliyyətinin nəticəsi olaraq hesabat yüksək səviyyədə təqdim edilmiş, CRC Komitəsinin ekspertlərinin sualları nümayəndə heyəti tərəfindən dolğun və ətraflı cavablandırılmışdır.
6 fevral 2023-cü il tarixində CRC Komitəsi tərəfindən sözügedən dövri məruzə üzrə Yekun Müşahidələr qəbul olunmuşdur. Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair tövsiyələr verilmişdir.
6 oktyabr 2023-ci il tarixdə tövsiyələrdən irəli gələn məsələlərə baxılması və həyata keçirilən tədbirlərin monitorinqi, eləcə də qiymətləndirilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən yaradılan aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupun ilk iclası keçirilib.
İclasda tövsiyələrdə qeyd olunan məsələlərin müzakirəsi və icrası istiqamətində əlaqələndirmə mexanizminin yaradılması ilə bağlı müzakirələr aparılıb.