20 YANVAR FACİƏSİ
Share:
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Zaqatala, Göygöl, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, Şüvəlan, İsmayıllı, Qəbələ, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “20 Yanvar – hüzn günüdür” adlı tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlar, müxtəlif idarə və təşkilatların nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət kollektivi, həmin günü ailə üzvlərini itirmiş şəxslər və rayonun aktiv gəncləri iştirak etmişdir. Tədbir açıq elan edildikdən sonra 1990-ci il 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 20 yanvar faciəsinin bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətkarlıq olmaqla yanaşı, bu tarixin Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi də daxil olduğu vurğulanmışdır. Çıxış edənlər həmçinin, bu cür anım günlərinin keçirilməsində əsas məqsədin ümumxalq hüzn gününü yad etməklə yanaşı valideynlərə uşaqlarını vətənpərvərlik ruhunda böyütmək, tarix boyu xalqımızın başına gələn müsibətlər haqqında məlumatlandırmaq və gələcək nəsilə vətənə sevgi hissini aşılamaq olduğunu bildirmişdirlər.
Uşaqlar çıxış edərək, 20 yanvar şəhidlərinin daim yaddaşlarda yaşayacağını, bu faciənin heç vaxt unudulmayacağını və şəhidlərin qanının yerdə qalmayacağını vurğulayıblar.
Sonda şagirdlər şəhidlərə həsr olunmuş şerlər söyləmiş, həmin müdhiş gecədə baş verən hadisələrlə bağlı video rolik izlənilmiş və Mərkəz tərəfindən hazırlanmış məlumat vərəqələri tədbir iştirakçılarına paylanmışdır.