Komitə sədri Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini ilə görüşüb
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində ölkəmizə səfər edən Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duranla görüşüb.
Tanışlıq məqsədi daşıyan görüşdə ölkələr arasında müvafiq sahədə mövcud əməkdaşlığın inkişaf perspektivləri, gələcəkdə həyata keçirilməsi mümkün layihələr barədə müzakirə aparılıb.
Qonaqları salamlayan Bahar Muradova, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib: “Qardaş ölkə prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə vurğuladığı kimi başqa iki belə ölkə yoxdur ki onların arasında Azərbaycanla Türkiyə arasındakı münasibətlər olsun”.
B. Muradova, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da hər zaman tövsiyə etdiyi kimi, Türkiyə təcrübəsinə istinad etməyin və fəaliyyətləri birləşdirməyin vacibliyindən söz açıb. Qurumlar arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə səfərindən bəhs edən sədr, müvafiq müəssisələrə, mərkəzlərə baş çəkdiyini bildirib, bu sahədə qarşılıqlı öyrənmənin vacibliyindən danışıb. Qurumlar arasında uzun illik yüksək səviyyəli münasibətlərə diqqət çəkən Komitə sədri, imzalanmış Əməkdaşlıq Protokolu və Milli Fəaliyyət Planınından söz açıb, bu əməkdaşlığın ölkələr arasındakı dostluq münasibətlərinə töhfə olacağını bildirib.
Komitə sədri bildirib ki, işğaldan azad olunan ərazilərdə yenidən həyatın bərpası qarşımıza yeni vəzifələr çıxarır. O diqqətə çatdırıb ki, ailələrin doğma torpaqlarına qaytarılması, məşğulluğunun təmin edilməsi, onlara psixo-sosial dəstəyin göstərilməsi, təhsili və inkişafı, o cümlədən gender bərabərliyinin təmin olunması istiqamətində də təcbrübə mübadiləsinə, səylərin birləşdirilməsinə ehtiyac var.
Azərbaycanda 30 il ərzində 4000-ə qədər insanın itkin düşdüyünü, əksəriyyəti haqqında hələ də məlumat olmadığını qeyd edən B.Muradova, bu gün keçirilən Konfransın itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması baxımından, eləcə də bütün region ölkələri üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Nazir müavini Rıdvan Duran Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Azərbaycanın haqlı mübarizəsində qələbəsinə, işğaldan azad olunmuş ərazilərdə hazırda baş verən müsbət dəyişiklikərə sevindiyini qeyd edib. Bu yolda canını fəda edən Vətən müharibəsi şəhidlərinə rəhmət, yaralılara şəfa diləyib. Qeyd edib ki, ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətləri xalqlarımızı bir-birinə qarşı daha həssas edib: “Türkiyədə baş verən zəlzələdə azərbaycanlıların yardım göndərə bilmək üçün göstərdikləri fədakarlıq gözümüzü yaşartdı”.
Qurumlar arasında uzun illik əməkdaşlıqdan söz açan R.Duran, gələcəkdə bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə inam ifadə edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və hər iki tərəfdən müvafiq rəsmi şəxslər iştirak edib.