Korrupsiya ilə mübarizə mövzusunda uşaqlarla görüş keçirilib

9 May 2023

Share:

8 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi ilə birgə “Uşaqlara korrupsiya haqqında” adlı maarifləndirici görüş təşkil edilib.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə keçirilən görüşdə Bakı şəhəri Səbail rayonu 49 saylı orta məktəbin 8-11-ci sinif şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılmasıdır.

Görüşdə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Kamil Kamilli, “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova təlimçi qismində iştirak ediblər. Dialoq formatında baş tutan tədbirdə məktəblilərin bilik səviyyəsinə uyğun olaraq korrupsiyanın mahiyyəti, anlayışı, korrupsiyaya gətirib çıxaran amillər barədə danışılıb, şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb.