Uşaq əməyinin istismarı və insan alveri qurbanı olmanın qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə tədbir keçirilib
Share:
Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı və insan alveri qurbanı olmasının qarşısının alınması sahəsində qurumlararası işin təşkili məqsədilə 29 mart 2023-cü il tarixində Milli Elmlər Akademiyasının Gəncə Bölməsində tədbir həyata keçirilib.
Tədbirdə Gəncə, Mingəçevir, Goranboy, Göygöl və Yevlax Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektorları, rayon Polis İdarələrinin Post Patrul Xidmətinin Manqa Komandirləri, eləcə də kiçik və orta bizneslə məşğul olan sahibkarlar iştirak edib.
Tədbirdə AQUPDK-nin əməkdaşı Şəbnəm Cəfərova iştirakçılara Komitənin müvafiq sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov ekspert qismində çıxış edərək,uşaq əməyinin formaları, uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar və onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi, eləcə də uşaqların insan alveri qurbanına məruz qalmasının qarşısının alınması barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.