Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş tədbir
Share:
6 mart 2015-ci il tarixində saat 15.00-da Hilton otelinin Sevda zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə , Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş tədbir keçirmişdir.
1995-ci ildə dünyanın 189 ölkəsinin iştirakı ilə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyyannaməsi və Fəaliyyət Platforması qəbul edilmişdir. 20 il bundan öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Qadınları Pekin Konfransında başda Fatma Abdullazadə olmaqla 25 hökümət və 70 QHT nümayəndəsi ilə birgə yüksək səviyyədə təmsil olunmuşdur.
Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasından ibarətdir.
Tədbir başlamamışdan əvvəl qonaqlar 14.00-da Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişdirlər.
Ulu öndər H.Əliyevin apardığı dövlət qadın siyasətinin davamı olaraq, möhtərəm prezidentimiz İlham Əliyev cənabları mütəmadi olaraq qadınlara xüsusi diqqət , qayğı göstərir, onların əməyini yüksək səviyyədə qiymətləndirir.
Ənənəvi olaraq bu il də tədbirdə möhtərəm prezidentimizin qadınlara təbrik məktubu səsləndirildi və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olundu.
Pekin Konfransının 20 illiyinə həsr olunmuş qısametrajlı FİLM hazırlanmış və tədbirdə nümayiş olunmuşdur. Həmçinin Pekin konfransında iştirak edən qadınlara Komitə tərəfindən xatirə hədiyyəsi təqdim olunmuşdur.
Hər il olduğu kimi bu il də dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılmışdır.
Tədbirdə Azərbaycanın bir qrup tanınmış ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin xanımlarımıza 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə video təbriki səsləndirilmişdir.
Bədii hissədə məşhur müğənnilərin, uşaqların, rəqs qruplarının iştirakı ilə konsert proqramı keçirilmişdir.