“Nyu-Yorkda Qadınların Vəziyyəti üzrə Komissiyanın 59-cu sessiyası”nda Azərbaycan Respublikasının qadın hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübəsi beynəlxalq cəmiyyətə çatdırılıb

15 March 2015

Share:

2015-ci il 9-14 mart tarixlərində Nyu-Yorkda Qadınların Vəziyyəti üzrə Komissiyanın 59-cu sessiyası keçirilib. Sessiyada Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbulunun 20-ci il dönümü münasibətilə Bəyannamə və Platformanın icrası ilə bağlı qlobal qiymətləndirmələr, 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinə gender perspektivlərinin daxil edilməsi barədə müzakirələr aparılıb.

Sessiyada Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Sahibə Qafarova, Azərbaycanın Respublikasının BMT-dəki Daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri Yaşar Əliyev də iştirak edib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışı zamanı öncə Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbulunun 20-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xanım Hicran Hüseynova, həmçinin, Azərbaycan qanunvericilik sistemində qadın hüquqlarının müdafiəsi üçün qəbul edilən müxtəlif dövlət proqramlarından bəhs edib. Komitə sədri qadın hüquqlarının müdafiəsi sahəsindəki mövcud vəziyyət, əldə olunan nailiyyətlər barədə danışıb. Hicran xanım Azərbaycanın Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etməsinin tarixindən söz açıb və bunun əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “20-ci əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, ərazisinin 20%-ni itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın  bu konfransda təmsilçiliyi olduqca böyük əhəmiyyəti var. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Hökuməti və qadınları özlərində böyük siyasi iradə taparaq bu dünya əhəmiyyətli tədbirdə iştirak etdilər.  Və bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərirlər.”

Komitə sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı balanslaşdırılmış dövlət siyasətinin əsas istiqamətlərini qeyd edərək, Respublikamızın bu sahədə regionun lider dövlətlərindən biri olduğunu bildirib. Xanım Hicran Hüseynova Heydər Əliyev Fondu və onun prezidenti xanım Mehriban Əliyeva tərəfindən reallaşdırılan sosial xarakterli layihələri, son illərdə tikilən və təmir olunan xəstəxanalar, məktəblər, uşaq bağçaları və bunların qadın hüquqlarının müdafiəsinə təsiri haqqında məlumat verib.

Komitə sədri “Gender bərabərliyinin həyata keçirilməsi”, “Qadın Hüquqları və Qadın Səlahiyyətləri daxilində və xaricində 2015 İnkişaf gündəliyi”, “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qadınların iqtisadi səlahiyyətləri” mövzularındakı tədbirdlərdə çıxış edərək qadınların istər iqtisadi, istər ictimai və s. kimi sahələrdə iştirakının əhəmiyyətindən, qadınların səlahiyyətlərinin genişləndirilməsinin vacibliyindən söz açıb.

Daha sonra Komitə sədri “İqtisadiyyat və qadınlar” və “Qadınlar və qızlar  üçün iqtisadiyyatın effektiv istifadə metodları” mövzularında  keçirilən yüksək səviyyəli dəyərmi masalarda çıxış edib  və Azərbaycan Respublikasının sözügedən sahələrdə təcrübəsini iştirakçıların nəzərinə çatdırıb. Komitə sədri, həmçinin, dünyada qadın hüquqlarının müdafiəsi sahəsindəki problemlərin həllinə dair təkliflərini də irəli sürüb.

Tədbirdə, həmçinin, millət vəkili Sahibə Qafarova “Gender bərabərliyi: Pekin +20 Bəyannaməsi  və onun prioritetləri” və Avropa Şurası tərəfindən keçirilən “Gender stereotipləri və cinsi ayrı-seçkilik, bu ayrı-seçkiliyin səbəbləri və qadınlara qarşı zorakılıq” mövzusundakı tədbirlərdə çıxış edərək gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli qanunvericiliyin gender ekspertizasından, qadınların Milli Məclisdə sayının artırılmasından bəhs edib və bu istiqamətdəki təkliflərini irəli sürüb.

Tədbir çərçivəsində Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT Baş Katibinin köməkçisi və BMT Qadınlar təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri, BMT Qadınlar təşkilatının Regional Ofisinin başçısı İngibjorg Gisladottir və UNİCEF-in Əməkdaşlıq üzrə direktoru Olav Kjorven ilə ikitərəfli görüşləri olub. Görüşlər zamanı qadın hüquqlarının qorunması, sülh, gender bərabərliyinə nail olmaq üçün inkişaf prosesi və digər məsələlər müzakirə olunub. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyə Respublikasının Ailə, Sosial Məsələlər nazirinin müavini, Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri ilə də görüşləri olub.

Sessiya zamanı beynəlxalq təşkilat nümayəndələri Azərbaycanda son illər qadın hüquqları sahəsində nail olunan müsbət nəticələri də vurğulayıblar və əməkdaşlığın inkişaf planlarını müzakirə ediblər. Sessiyanın sonunda iştirakçılar qadın siyasətinin gücləndirilməsi məqsədilə öz təklif və tövsiyələrini nəzərə çatdırıblar.