Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti “açıq qapı” günü keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM), İcma Resurs Mərkəzləri və Qadın Resurs Mərkəzlərində hüquqşünas, psixoloq, sosial pedaqoq, sosial iş üzrə mütəxəssislərin iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 350-ə yaxın müraciət dinlənilib, vətəndaşlara müvafiq dəstək göstərilib. Müraciətlər arasında UADM-lər tərəfindən göstərilən xidmətlərdən, xüsusilə aktiv terapiya, psixoloji konsultasiya, inkişafetdirici məşğələlərdən istifadə, məişət zorakılığı və digər məsələlər xüsusi yer alıb. Gün ərzində müraciət edən uşaqların psixo-sosial qiymətləndirilməsi aparılıb, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, yeniyetməlik dövrü problemləri ilə bağlı valideynlərə məsləhətlər verilib.
Qeyd edək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub və bu barədə Dövlət Komitəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında mütəmadi məlumat verilir.