Qusar rayonunda “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində görüş keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İsveçrənin Azərbaycandakı səfiri Zati-aliləri xanım Muriel Peneveyre, İsveçrə Əməkdaşlıq ofisinin regional direktorunun müavini Alberto Hernandez və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin müavini Çaru Bista Qusar rayonuna səfər ediblər.
Səfərin əsas məqsədi Komitənin Qadın Resurs Mərkəzinin üzvləri ilə görüşüb, son bir neçə il ərzində yerli qadınlar tərəfindən qurulmuş kiçik bizneslərə baş çəkmək olub.
Qeyd edək ki, Dövlət Komitəsi BMTİP ilə əməkdaşlıq və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə 2018-ci ildən bəri Qusar, Sabirabad, eləcə də Bakının Xəzər rayonlarında “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsini həyata keçirir.
Layihə nəticəsində 2 resurs mərkəzi qurulub və 1 mərkəzə dəstək göstərilib, 115 qadın öz biznesini qurub. Təkcə Qusar rayonunda 30 biznes qurulub, 678 qadın təlimlərdə iştirak edərək məşğulluqlarını və biznes bacarıqlarını artırıb. 8 özəl şirkət Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini qəbul edib və onların icrasını vəd edib.