“Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirildi

27 April 2022

Share:

Bahar Muradova: “Biz uşaq müdafiə sisteminin daha da təkmilləşməsi üçün həm beynəlxalq, həm də yerli təcrübənin müsbət tərəflərinin sintezindən ibarət mükəmməl bir mexanizm formalaşdırmaq niyyətindəyik və hər kəs bu işdə öz dəstəyini göstərməlidir”.

27 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycanda uşaq müdafiəsi sisteminin təkmilləşdirilməsi və inkişafı, onların bugünkü həyatı və yaşamı, gələcək təminatını yaratmaq üçün görülən işlər dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla bərabər, həm də yeni qəbul olunmuş sənədlərin əsas hədəfi və məqsədidir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın qəbulundan keçən dövr ərzində görülən işlər haqqında məlumat verən B.Muradova bildirib ki, burada ən diqqət çəkən məqam Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planıdır. Planın müvafiq bəndlərinin icrasının səmərəli təmini və uşaq məsələləri ilə əlaqədar fəaliyyətin koordinasiyasının gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdə birgə işin müxtəlif çevik formalarının da yarandığını vurğulayan sədr onu da əlavə edib ki, uşaq müdəfiə sisteminin təkmilləşməsi hər kəsin, bütövlükdə cəmiyyətin, dövlətin, ailələrin öhdəliyi, vəzifəsi və məqsədi sayılır.

B.Muradova bildirib ki, belə müzakirələrin təşkil olunmasında əsas məqsəd yalnız dövlət qurumlarının və təşkilatların deyil, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə effektiv mexanizmlərin və çoxtərəfli əməkdaşlığın yeni formatlarının yaranmasıdır. O, Strategiya qəbul olunduqdan sonra Fəaliyyət Planı üzrə də vəzifələrin yerinə yetirilməsi üçün müxtəlif hədəf qrupları ilə, bu sahədə ciddi bir mesaj verə bilən və dövlətin və ictimaiyyətin diqqətini vacib istiqamətə yönəldə bilən şəxslərlə görüşlərin əhəmiyyətini vurğulayıb. Komitə sədri ailə, qadın, uşaq məsələləri istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, media orqanları, sosial şəbəkə istifadəçiləri, blogerlər və digər tanınmış şəxslərlə birgə müzakirələrin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Dialoq və çoxtərəfli iştirakın ən yaxşı format olduğunu qeyd edən Komitə sədri beynəlxalq təcrübənin də bu məsələdə kifayət qədər rol oynadığını əlavə edib. Yaxın günlərdə Türkiyəyə səfəri zamanı qardaş ölkədə uşaq müdafiəsi ilə bağlı yaradılan sistem haqqında danışan Komitə sədri “Biz uşaq müdafiə sisteminin daha da təkmilləşməsi üçün həm beynəlxalq, həm də yerli təcrübənin müsbət tərəflərinin sintezindən ibarət mükəmməl bir mexanizm formalaşdırmaq niyyətindəyik və hər kəs bu işdə öz dəstəyini göstərməlidir”, -deyə çıxışına əlavə edib.

O, vətəndaş cəmiyyəti ilə birgə çoxşaxəli fəaliyyət istiqamətlərini vurğulayaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin də həm Komitə ilə, həm də müvafiq qurumlar ilə birgə bu istiqamətdə çoxsaylı layihələr reallaşdırdığını qeyd edib. Bu isə bütövlükdə xalqın müxtəlif kəsiminin həm dövlətin idarə olunması, siyasətin müəyyən olunması, qəbul olunmuş sənədlərin icrası və nəticələrinin qiymətləndirilməsi prosesinə fəal töhfə vermək imkanlarının yaradılmasıdır”.

O, eyni zamanda, bu istiqamətdə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi ilə həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Uşaq məsələrinin dövlət siyasətində prioritet istiqamətlərdən olduğunu qeyd edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin müdiri Niyazi Rəhimov iclasın mövzusunun cəmiyyət üçün əhəmiyyətindən bəhs edib. O bildirib ki, uşaq hüquqlarının müdafiəsi, onların sosial, eləcə də keyfiyyətli səhiyyə və təhsil ilə təminatı istiqamətində müvafiq qanunvericilik sisteminin mövcud olmasına baxmayaraq, bu sahədə təkmilləşdirmə işləri mütəmadi xarakter daşıyır. Bu kimi işlərdə vətəndaş cəmiyyətinin iştirakı vacibdir və dövlətin həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilməsinə, keyfiyyətinin yüksəlməsinə daha qısa müddətdə həcmli hədəflərə nail olmasına xidmət göstərir.

Uşaq hüquqlarının müdafiəsi sahəsində kifayət qədər dolğun qanunvericilik sistemi və müxtəlif dövlət proqramları ilə zəngin bir sistemin mövcud olduğunu qeyd edən N. Rəhimov bildirib ki, Uşaq Strategiyası uşaq hüquqları sayəsində çox geniş spektrli məsələləri özündə əhatə edir və uşaqların daha əlverişli şəraitdə böyüməsi, daha keyfiyyətli xidmətlərlə əhatə olunması, risklərdən qorunması kimi tədbirləri özündə ehtiva edir. Burada xüsusilə dövlət qurumlarının üzərinə düşən tapşırıqların nəzərdə tutulmuş müddətlərdə və keyfiyyətli icrası da bu strategiyanın müvəffəqiyyətinə birbaşa həlledici təsir göstərir.

Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların fəaliyyətlərini xüsusi qeyd edən N. Rəhimov komissiyaların tərkibində aidiyyəti dövlət qurumları ilə bərabər QHT-lərin də iştirakına geniş yer ayrıldığını diqqətə çatdırıb. Dövlət hər zaman vətəndaş cəmiyyətinin iştirakını vacib hesab edir, bu da qarşıda qoyulan hədəflərə nail olmağı daha tez və daha keyfiyyətli təmin etmiş olur.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva uşaq firavanlığının təmin olunması, müfəssəl və çevik uşaq müdafiəsi sisteminin təşkil olunmasında bütün aidiyyəti təsisatların iştirakçılığının və bu sahədə birgə əməkdaşlığının rolunu vurğulayıb. İcma təşəbbüsləri və iştirakçılığının uşaq müdafiəsi də daxil olmaqla, ümumilikdə humanitar və inkişaf məqsədlərinin geniş spektrini əhatə etdiyini qeyd edən ictimai birliyin rəsmisi, uşaq müdafiə istemlərinin subyektinin təkcə uşaq və ailələr deyil, geniş anlamda icmalar, yerli və milli səviyyədə fəaliyyət göstərən müxtəlif qurum və təşkilatlar olduğunu bildirib. O, effektiv uşaq müdafiə sisteminin qurulmasında bütün bu tərəflərin qarşılıqlı əlaqələrinin sistemliliyi, səmərəliliyi və çevikliyinin önəmindən, bu sahədə dövlət tərəfindən həyata keçirilən effektiv tədbirlərdən, eləcə də qəbul olunan sənədlərin, xüsusilə də Uşaq Strategiyasının əhəmiyyətindən danışıb.

Uşaq müdafiə sistemində preventiv tədbirlərdən danışan L. Tağıyeva, RİİB-in BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə reallaşdırdığı “Erkən uşaqlıq dövründə inkişaf” layihəsindən və ictimai birliyin uşaq məsələləri ilə bağlı qeyd olunan sahələrdə fəaliyyəti barədə məlumat verib. Çıxışının sonunda o, uşaq müdafiə sisteminin problemlərindən bəhs edərək, bir sıra məqamlara diqqət çəkib.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın moderatorluğu ilə baş tutan konfrans təqdimatlar ətrafında müxtəlif mövzuların müzakirəsi ilə davam edib.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın uşaq hüquqları sahəsində mövcud hüquqi bazanın təkmilləşdirilməsi, uşaq müdafiəsi sahəsində işlək mexanizmin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, eləcə də digər vacib istiqamətləri əhatə etdiyini qeyd edən T. İbrahimova bildirib ki, Strategiya və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün” Fəaliyyət Planı Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən etmək baxımından olduqca vacib sənədlərdir.

Daha sonra "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Qeyri-dövlət uşaq sığınacaqlarında mövcud vəziyyətin təkmilləşdirilməsi istiqamətində gələcək addımlar” mövzusunda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yuvenal Ədliyyə Mərkəzinin hüquqşünası Rafiq Alışov “Uşaq hüquqlarının müdafiəsi üzrə (inzibati, mülki və cinayət işləri üzrə icraatı zamanı) tədbirlərin gücləndirilməsi mövzusunda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqları sektorunun müdiri Nigar Ağayeva “Uşaqlara qarşı zorakılıq: sosial, psixoloji və hüquqi müdafiə” mövzusunda, RİİB-in Erkən uşaqlıq dövrünün inkişafı layihəsinin rəhbəri Nəzrin Şirinova “Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması” mövzusunda, “Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı” Milli koordinatoru Nabil Seyidov “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması” mövzusunda, “Yuva” Valideyn İnkişaf Mərkəzinin icraçı direktoru Aytac Qəmbərova “Uşaq məsələləri media və sosial şəbəkələrdə” mövzusunda təqdimatlarla çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Sosial Xidmətlər Agentliyinin Sosial müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin böyük prokuroru, I dərəcəli hüquqşünas Kənan Zeynalov, BMT Uşaq Fondunun Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimai Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova mövzu ətrafında fikirlərini diqqətə çatdırıblar.