Qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün müasir penitensiar müəssisəsinin ictimaiyyətə təqdimatı keçirilib

15 April 2022

Share:

15 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ədliyyə Nazirliyi tərəfindən Bakıda inşa olunan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni istifadəyə verilmiş penitensiar müəssisəsinin ictimaiyyətə təqdimatında iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə müəssisələrdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Dövlət başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisədə məhkumların faydalı işlə məşğul olmaları üçün toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexləri təşkil olunub.
İştirakçılar müəssisədə dövlətimizin humanizm siyasətinə və Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərlə tanış olublar.
Sonra məhkumların tibbi təminatı ilə bağlı yaradılan şəraitlə tanışlıq olub.
Müəssisələrlə tanışlıqdan sonra akt zalında qadın və yetkinlik yaşına çatmayan məhkumlarla görüş keçirilib.
Tədbirdə İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hüquq müdafiəçisi Səadət Bənənyarlı və digər şəxslər çıxış ediblər.
Çıxış edənlər müasir penitensiar müəssisələrin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər. Vurğulayıblar ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir. İstifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.
Sonra görüş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan ədəbi-bədii tədbirlə davam edib, məhkumlar üçün həmçinin, ehsan süfrəsi təşkil olunub.