Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikahların fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib

14 April 2022

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Goranboy, Göygöl, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri regionlarda erkən nikahların fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirib.
Mərkəzlərdə, eləcə də təhsil müəssisələri və müxtəlif ictimai yerlərdə keçirilən tədbirlərdə şagird və müəllimlər, könüllülər, Komitədə təcrübə keçən tələbələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirlərdə mərkəz əməkdaşları erkən nikah problemi ilə bağlı təqdimatlar edərək, bu problemin qarşısının alınması istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, erkən yaşda qurulan nikahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına mənfi təsir göstərir və bu da öz növbəsində sonradan ailədaxili münaqişələrin yaranmasına gətirib çıxarır. Erkən nikahlar əksər hallarda qız uşaqlarının təhsildən yayınmasına, cəmiyyətdən təcrid olunmasına, fiziki və cinsi zorakılığa məruz qalmasına səbəb olur.
Eyni zamanda tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, sosial video çarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb.