İsmayıllıda “Selektiv abortlar və erkən nikahlar. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda təlim keçiriləcək
Share:
İctimai həyatın bütün sahələrində xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakını təmin etmək, eləcə də onlar üçün bərabər imkanlar yaratmaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir. Bununla bağlı Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Reproduktiv sağlamlıq, ana və körpə sağlamlığı, perinatal sağlamlıq sahəsində tibbi xidmətin keyfiyyətini və əlçatanlılığını yaxşılaşdırmaq, əhalini maarifləndirmək, onlara sosial dəstək göstərmək istiqamətində işləri gücləndirmək bugünümüzün əsas məsələlərindəndir. Bununla bağlı bir sıra dövlət proqramları qəbul edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar və digər mövzularda maarifləndirici layihələr həyata keçirir.
Növbəti tədbir olaraq, 15 aprel 2022-ci il tarixində, saat 14:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Selektiv abortlar və erkən nikahlar. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda təlimin təşkili nəzərdə tutulur.
Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.