Erkən nikah və təhsildən yayınma halları ilə mübarizə istiqamətində icma səviyyəsində görüşlər davam etdirilir

12 April 2022

Share:

12 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nardaran və Bilgəh qəsəbələrində erkən nikah və qız uşaqlarının təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə icma səviyyəsində görüşlər keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcovanın, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin iştirakı ilə keçirilən görüşlərdə əhali arasında mövcud problemlər dinlənilib və qaldırılan məsələlər barədə aidiyyəti qurumların nümayəndələri ilə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində təhsildən qız uşaqlarını yayındıran valideynlərə tövsiyələr verilib, onlar tərəfindən qaldırılan məsələlər müzakirə edilib. Eyni zamanda bir sıra ailələrə səfər edilib.
Görüşlərdə Komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, psixoloq Səidə Əhmədova, Nardaran qəsəbəsi, “Rəhimə Xanım ziyarətgah” məscidi Dini İcmanın sədri və imamı Hacı Musa Qasımov, Sabunçu rayon İcra Hakimiyyəti Başçısı Aparatının Nardaran və Bilgəh İnzibati Ərazi Dairəsi üzrə qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və qəsəbədə yerləşən təhsil müəssisələrinin rəhbərləri də iştirak ediblər.
İştirakçılara erkən nikah və uşaq hüquqları ilə bağlı maarifləndirmə vəsaitləri paylanılıb.
Görüşlərin Sabunçu rayonunun digər qəsəbələrində də davam etdirilməsi nəzərdə tutulub.