Novruz bayramı bölgələrdə də qeyd edilir

18 March 2022

Share:

Novruz bayramı münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) tərəfindən bayram tədbirləri həyata keçirilməkdədir.
Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab rayonlarında keçirilən tədbirlərdə qazi və şəhid ailələrinin uşaqları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, mərkəzlərin benefisiarları, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
UADM əməkdaşları iştirakçılara Novruz bayramının mahiyyəti, bu bayramla bağlı adət-ənənələr haqqında ətraflı məlumat verərək, xoş arzularını çatdırıblar. Musiqili-əyləncəli proqramlarla davam edən şənliklərdə uşaqların ifasında müxtəlif səhnəciklər və milli rəqslər nümayiş etdirilib.
Şənliklərdə Novruza aid adət-ənənələri özündə ehtiva edən əyləncəli milli oyunlar, xonçaların hazırlanması, şəkərbura üzərinə naxışvurma, tonqal ətrafında “Yallı” rəqsinin ifası, uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədilə milli mətbəximizə xas kulinariyaya aid ustad dərslərinin təşkili tədbirlərə xüsusi rəngarənglik və şən əhval-ruhiyyə qatıb.