“Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib

11 March 2016

Share:

Martın 11-də  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə Qaradağ rayonu ərazisində yerləşən məktəbləri təmsil edən şagirdlər, eləcə də onların ailələrinin  talassemiya və hemofiliya kimi isri qan xəstəlikləri haqqında maarifləndirilməsi istiqamətində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirmişdir.

Tədbirdən əvvəl  Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında  Qaradağ rayonu ərazisində yaşayan sakinləri cəlb etməklə qan vermə aksiyası keçirilmişdir.

Daha sonra tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işinin aparılmasının, hemofiliyalı və talassemiyalı uşaqlar üçün onlar  donor günlərinin,qan vermə aksiyalarının keçirilməsinin zərurətini qeyd etdi.

Komitə sədri yeni ailələrin qurulması zamanı yarana biləcək ciddi problemlərin qarşısının alınması üçün nikaha daxil olmadan öncə sağlamlıq haqqında arayışın vacibliyini vurğulayaraq qeyd etdi ki, “ Nikahdan öncə tibbi arayışın istənilməsinin əsas səbəblərindən biri məhz talassemiya və hemofiliya kimi isri-qan xəstəlikləridir.  Əhalinin məlumatlandırılması  məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların problemlərinin həlli və onların sağlam inkişafı üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir”.

 Tədbirdə millət vəkili Aydın Hüseynov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, həmin şöbənin həkimi Şəhla Mirzəzadə, “Müşviq” adına Əlil Uşaqlara Yardım İB sədri Validə Abbasova, Lökbatan qəsəbəsində yerləşən 4 nömrəli doğum evinin həkim-ginekoloqu Vilayət Abbasov, Respublika Talassemiya mərkəzinin həkim-pediatrı Tünzalə Əhmədova, “Azərbaycan Talassemiya Federasiyası” İB təsisçisi Gülgün Abbasova ölkədə talassemiyanın yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi üzrə fəaliyyətlərin aparıldığını, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi nəticəsində talassemiya hallarının daha tez aşkarlanması barəsində çıxış edərək fikir və tövsiyələrini qeyd etdilər.

Rayon icra hakimiyyətinin nümayəndələri, sosial tədqiqatçılar, səhiyyə üzrə mütəxəssislər, həkimlər, məktəb psixoloqları, valideyn və məktəblilərin də iştirak etdiyi tədbirdə aidiyyəti mövzular üzrə maarifləndirici materiallar paylanılmışdır