“Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi” mövzusunda onlayn tədbir keçirilib

1 March 2022

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlandırılması məqsədilə tədbirlər həyata keçirir. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq 1 mart 2022-ci il tarixində Astara Pedaqoji Kollecin tələbələri üçün “Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ailə roblemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, Azərbaycanda əhalinin dinamik artımının təmin olunmasının, yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, əhalinin, xüsusilə də uşaq və gənclərin sağlamlığının qorunması, reproduktiv sağlamlıq hüquqlarının təmin olunması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə danışıb. K.Əliyeva təqdimatla çıxış edərək, tədbir iştirakçılarına reproduktiv sağlamlığın qorunmasına dair ümumi tövsiyələr verib.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova “Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması” təqdimatla çıxış edərək, reproduktiv sağlamlığın əsas amillərindən, erkən nikahların reproduktiv sağlamlığa mənfi təsirindən, hamiləliyin süni yol ilə pozulmasının fəsadlarından, sağlam və arzu olunan uşaqların doğulmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. Tədbirdən 75 nəfər iştirakçı faydalanıb.