Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 5 il ötür

21 February 2022

Share:

Tarixin bizə qazandırdığı ən görkəmli şəxsiyyətlərdən biri, müasir Azərbaycan qadınlarının parlaq nümayəndəsi Mehriban xanım Əliyevanın Birinci vitse- prezident postuna təyin olunmasından 5 il ötür.
Humanizm və mərhəmət ideyalarının carçısı, mükəmməl xanım obrazını bütün parametrləri ilə öz şəxsiyyətində təcəssüm etdirən Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi hər kəsi tarixən mövcud olan güclü Azərbaycan qadını obrazının bu gün də var olduğuna inandırmağı bacardı. Onun fəaliyyəti, səlahiyyət dairəsinə aid olan məsələlər – sosial sahənin inkişafı, təhsil və səhiyyədəki çatışmazlıqların aradan qaldırılması, həyata keçirilən dövlət siyasətinin mərkəzində dayanan insana göstərilən qayğı və diqqət baxımından olduqca təqdirəlayiqdir.
Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi, onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. Ali Baş Komandanın ən sadiq silahdaşı olan Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı çağırışları, cəbhədə döyüşən igid əsgərlərimizə duaları, yaralılarımızın, həlak olan günahsız dinc vətəndaşlarımızın doğmalarının ağrı-acısına bir ana kimi şərik olması insanların vətənpərvərlik hisslərini coşdurdu.
Bütün bunlarla yanaşı Mehriban xanım Əliyeva sadə, səmimi və təvazökar xarakteri ilə xalqın qəlbində özünəməxsus yer tutub, qürur duyduğu şəxsiyyətə çevrilib. Azərbaycanı inkişafa aparan yeni ideya və layihələrin müəllifi kimi gəncləri tərəqqiyə, yeniliklərə ruhlandırır, qadın və qızların iştirak səviyyəsinin yaxşılaşdırılması, eləcə də elmdə gender bərabərliyinin təmin edilməsi sahəsində münbit şəraitin yaradılmasına davamlı dəstək göstərir.
Reallaşdırdığı layihələrə istedadlı gəncləri cəlb edərək onlara öz bacarıqlarını üzə çıxara bilməsi üçün şərait yaradır, bütün Azərbaycan gəncliyinin inkişafı, yüksək standartlara cavab verən peşəkarlar kimi formalaşması üçün də gözəl zəmin hazırlamaqla məşğuldur.
Azərbaycanın həyatının bütün sahələrində inkişafa yönələn çoxşaxəli fəaliyyətilə milyonların sevgi və hörmətini qazanan “Bizim Mehriban” hazırda dünyaca məşhur qadınlar arasında öz adı, dəst-xətti və danılmaz xidmətləri ilə seçilən parlaq bir şəxsiyyət, görkəmli dövlət xadimi, əsl insan və böyük azərbaycanlı kimi diqqəti cəlb etməkdə, insanlıq və ədalət uğrunda məsuliyyət bölgüsünə əsaslanan mübarizədə qadınların iştirakının ən gözəl örnəyini yaratmaqdadır.
Bu şərəfli və çətin yolda Azərbaycana, eləcə də bütün dünya xalqlarına sülh və əmin-amanlıq şəraitində yaşamağa imkan verən ideallar uğrunda mübarizəsində Mehriban xanıma uğurlar diləyir və sağlamlıq arzu edirik.