Jurnalistlər üçün gender əsaslı zorakılıqla bağlı məlumatların yayılması qaydalarına dair təlim vəsaiti hazırlanıb

8 December 2021

Share:

Jurnalistlər üçün məişət zorakılığı ilə bağlı məsələlərin işıqlandırılması, kütləvi informasiya vasitələrində gender bərabərliyi barədə biliklərin artırılmasına dair kampaniyaların aparılması və gender əsaslı zorakılıqla bağlı məlumatların yayılmasına dair təlim vəsaitləri hazırlanıb.

Vəsaitin məqsədi xüsusən də məişət zorakılığının qarşısının alınmasında və bu sahədə maarifləndirmənin həyata keçirilməsində oynadığı rol barədə hərtərəfli məlumat təmin etməkdir. Bu kontekstdə maarifləndirmə işi ümumi ictimaiyyətin məişət zorakılığının bütün növlərinin müxtəlif təzahür formaları barədə məlumatlılığını artırmaq və təsəvvürlərini yaxşılaşdırmaq üçün keçirilən kampaniya və proqramları, o cümlədən milli insan hüquqları institutları, bu sahədə fəaliyyət göstərən orqanlar, vətəndaş cəmiyyəti, xüsusilə qadın təşkilatlarının fəaliyyətini əhatə edir.

Gender münasibətləri ilə əlaqədar, dünyada kütləvi informasiya vasitələri (KİV) kişilər və qadınların sosial reallığına sadəcə təsir etmir, həm də onu dolayı və hiss olunmayan şəkildə formalaşdıran mədəni qüvvə kimi çıxış edir. Jurnalist və redaktorların cəmiyyətdəki sosial münasibətlər vasitəsilə mənimsədikləri qərəz və meyllilik onların hazırladıqları yazılara da bilavasitə təsir göstərir. Bu təlim vasitəsilə, jurnalist və redaktorlar daxili qərəz və meylliliklərinin onların yazılarına necə təsir etdiyini daha yaxşı başa düşə bilər.

KİV-lə bağlı aparılmış tədqiqatlar, medianın təqdim etdiyi mesaj və təsvirlərin güclü sosial, mədəni və siyasi qüvvə kimi çıxış etdiyini və medianın məhsulları ilə sosial şüur arasında əlaqənin mövcud olduğunu deməyə əsas  verir.

KİV-lər istənilən vaxt kütləvi auditoriyaya çıxış əldə etmək üçün istifadə edilən əsas kommunikasiya formalarıdır. Media cəmiyyətin fikirlərinə, inanclarına, münasibətlərinə və standartlarına, habelə özünüdərk hissinə təsir üçün əlverişli mövqedədir və dəyərlərlə yüklənmiş mesajlar bizim qadın və kişi olaraq kim olduğumuzu necə dərk etməyimizə təsir edir.

Bu vəsaitdə qadına qarşı zorakılığın və məişət zorakılığının bütün formalarının ictimaiyyət tərəfindən qınanılmasında və məişət zorakılığının gender bərabərliyi və insan hüquqları kontekstində aktuallaşdırılmasında jurnalistlərin rolundan bəhs olunur. Bunun üçün jurnalistlər tərəfindən aşağıdakıların nəzərə alınması tövsiyə olunur:

Qadınlarla kişilər arasında de-yure və de-fakto bərabərliyin təmin olunmasının qadınlara qarşı zorakılığın qarşısının alınmasında əsas element olduğunu;

Qadınlara qarşı zorakılığın qadınlarla kişilər arasında tarixən qeyri-bərabər səlahiyyət bölgüsünün təzahürü olduğunu və bunun kişilərin qadınlar üzərində üstünlüyü və kişilər tərəfindən qadınlara qarşı ayrı-seçkiliklə və qadınların tam inkişafının qarşısının alınması ilə nəticələndiyini;

Qadınlara qarşı zorakılığın struktur xüsusiyyətinin gender əsaslı zorakılıq olduğunu və qadınlara qarşı zorakılığın kişilərə nisbətdə qadınların ikinci dərəcəli mövqedə qalmasının ən mühüm sosial mexanizmlərindən biri olduğunu;

Qadın və qızların tez-tez onların insan hüquqlarının ciddi pozuntusunu təşkil edən və qadın və kişilər arasında bərabərliyə əhəmiyyətli dərəcədə mane olan məişət zorakılığı, seksual qısnama, zorlama, məcburi nikah, “namus” cinayətləri və cinsi orqanların zədələnməsi kimi ciddi zorakılıq növlərinə məruz qaldıqlarını;

Silahlı münaqişələr zamanı mülki əhaliyə, xüsusən də qadınlara (geniş yayılmış və ya sistematik zorlama və cinsi zorakılıq formasında) təsir edən davamlı insan hüquqları pozuntularını və həm münaqişələr zamanı, həm də münaqişələrdən sonra gender əsaslı zorakılığın artması ehtimalını;

Qadın və qızların kişilərə nisbətən gender əsaslı zorakılıq riskinə daha çox məruz qaldıqlarını;

Məişət zorakılığının qadınlara kişilərlə müqayisədə qeyri-mütənasib şəkildə təsir etdiyini və kişilərin də məişət zorakılığına məruz qala biləcəyini;

Uşaqların məişət zorakılığından birbaşa zərər çəkdiklərini, o cümlədən ailədəki zorakılığın şahidi kimi olduqlarını. 

Jurnalistlər üçün gender əsaslı zorakılıqla bağlı məlumatların yayılması qaydalarına dair təlim vəsaiti hazırlanıb