“Milli-mənəvi, ailə dəyərlərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Bərdə Rayon İcra Hakimiyyəti və Bərdə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri ilə birgə 26 noyabr 2021-ci il tarixdə Bərdə rayonu Zərifə Əliyeva adına Liseydə gənclər və yeniyetmələr üçün tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Asif Abbasov ailə dəyərlərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mövzusunda çıxış edərək, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Daha sonra “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Nərgiz Sədrəddinbəyli tədbirin təşkili üçün Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinə təşəkkürünü bildirərək, dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə çıxış edən psixoterapevt Aydan Xasməmmədzadə ailədaxili münasibətlərdə uşaqların tərbiyəsində valideyn, müəllim və məktəb psixoloqlarının birgə rolundan, ailədaxili problemlərin həllində müsbət psixoloji iqlimdən bəhs edib.
Sonda Bərdə rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Şəmsiyyə Abbaszadə çıxış edərək, Komitəyə və tədbir iştirakçılarına təşəkkür edib, bu cür maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsinin müsbət töhfə verəcəyini bildirib.
60-a yaxın iştirakçının faydalandığı tədbir müzakirələrlə davam edib.