Dövlət Komitəsinin sədri xarici qonaqların iştirakı ilə Zaqatala rayonunda səfərdədir
Share:
22 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, rezident əlaqələndirici xanım Vladanka Andreeva, ABŞ Səfirliyinin Missiya rəhbərinin müavini Maykl Dikerson, Niderland Krallığının Azərbaycandakı səfiri xanım Pauline Eizeman, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Cey Sinqx, UNDP Rezident Nümayəndəsinin müavini Charu Bistin iştirakı ilə Zaqatala rayonuna səfər təşkil olunub.
Səfər çərçivəsində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüş keçirilib. Görüşdə Zaqatala rayonunun iqtisadi imkanları, eyni zamanda iqtisadi sahədə qadınların iştirakının artırılması, qadın iştirakçılığı məsələləri müzakirə olunub.
Daha sonra Qadın Resurs Mərkəzinə səfər təşkil edilib. Səfər zamanı qadınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Dəyirmi masa ərtafında Resurs Mərkəzin fəaliyyətindən bəhrələnən qadınlarla görüş keçirilib, qonaqların sualları cavablandırılıb.
Səfər çərçivəsində görüşlər 2 gün davam edəcək.
Qeyd edək ki, Zaqatala Qadın Resurs Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə birgə həyata keçirilən “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində yaradılıb.