Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair növbəti tədbir keçirilib
Share:
19 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yeniyetmə və gənclərin erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumatlandırılması istiqamətində növbəti tədbir keçirilib.
Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumatlandırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutan görüşdə Lerik Peşə Məktəbinin, İmişli Peşə Məktəbinin və Xaçmaz Peşə Liseyinin tələbə, valideyn və müəllim heyəti iştirak edib.
Tədbirdə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarından, belə nikahları doğuran səbəblərdən və qarşısının alınması istiqamətində qəbul edilən qanun və normativ-hüquqi sənədlərdən, dövlət, xüsusilə də Komitə tərəfindən görülən işlərdən tədbir iştirakçılarına ətraflı məlumat verib.
Eyni zamanda, K.Əliyeva yeniyetmə və gənclərə ailə həyatına fizioloji və psixoloji cəhətdən tam hazır olduqdan sonra ailə həyatı qurmağa, erkən nikahlarla üzləşən şəxslərə Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət etməyi tövsiyə edib.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai- Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxışında reproduktiv sağlamlığın əsas amillərindən danışaraq, erkən nikahın qızların reproduktiv sisteminin pozulmasına gətirib çıxardığını vurğulayıb.
Keçirilən görüşdən 90 nəfərə yaxın iştirakçı faydalanıb.