Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı, Ucar rayonu Qaradağlı kənd sakinləri Məmmədovlar ailəsidir

19 November 2021

Share:

“Yaşadığımız cəmiyyətdə qadın və ya kişi olmasından asılı olmayaraq hər bir vətəndaşın ən böyük istək və arzularından biri də gözəl, əxlaqlı, tərbiyəli övlada sahib olmaqdır. 60 ildən artıq birgə ömür sürürük. Yaşadığımız bu illər ərzində bir ailə kimi böyütdüyümüz övladlardan çox razıyıq”
Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı, Ucar rayonu Qaradağlı kənd sakinləri Məmmədovlar ailəsidir. 1934-cü il təvəllüdlü Məmmədov Aslan Nizam oğlu və 1940-cı il təvəllüdlü Məmmədova Hürü İslam qızı 1958-ci ildə ailə həyatı qurub və 63 ildir ki, birgə ömür sürürlər.
6 övlad, 14 nəvə və 8 nəticə sahibi olan Məmmədovlar ailəsi 63 il qarşılıqlı hörməti qoruyub saxlayan ailə milli-mənəvi dəyərləri təcəssüm etdirərək, uzunömürlü və şərəfli həyat yolu ilə gənclərə örnəkdir. Hər zaman halal zəhmətləri ilə ailəsini dolandıran Məmmədovlar el-oba arasında hörmət və izzət qazanıblar.
Övladlarına qarşı heç bir ayrı-seçkilik etmədən, fərq qoymadan böyüdən Aslan müəllim və Hürü xanım cəmiyyətə layiqli vətəndaşlar yetişdirmək üçün əllərindən gələni əsirgəməyiblər. Onlar sağlam, tərbiyəli, ağıllı, zəhmətkeş uşaqlar böyütdüklərinə görə özlərini dünyanın ən zəngin insanlarından hesab edirlər və övladları ilə fəxr edirlər. Ailənin övladlarından biri Qadir Məmmədov 1986-1991-ci illərdə Sovet İttifaqı Qəhrəmanı Marşal İ.İ.Yakubovsk adına Hərbi Məktəbi bitirmiş, respublikamızda xidmətə başlamış 5 fevral 1992-ci ildə Ağdərə döyüşlərində itkin düşmüşdür.
60 ildən çox birgə ömür sürən ailənin uzunömürlülüyünün sirri zəngin ailə dəyərlərinə bağlılıq, qarşılıqlı hörmət və sevgi üzərində qurulmasına əsaslandığını qeyd edən Aslan müəllimin və Hürü xanımın böyüklərə hörmət, uşaqlara qayğı, ailə dəyərlərinə sadiq kimi keyfiyyətlərə malik övladlar böyütməsi onların necə məsuliyyətli, qayğıkeş, müdrik, diqqətli valideynlər olduğunu göstərir.