Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna start verildi

18 November 2021

Share:

18 noyabr 2021-ci il tarixində “JW Marriott” Abşeron otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna start verildi.
Tədbirdən əvvəl uşaqlar Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər Xiyabanı və İkinci Şəhidlər Xiyabanını ziyarət edən Forum iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olomuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə əklil qoyublar.
Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallığı ilə seçilən, xüsusi istedadı ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə malik 300 uşaq iştirak edir. Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə də şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilib.
Qeyd edək ki, COVİD - 19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınmaqla Forum hibrid iştirakçılıq formasında təşkil olunub, bununla əlaqədar iştirakçıların bir qismi onlayn şəkildə qoşulacaq.
Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
Bütün forumlarda olduğu kimi bu il də Forum çərçivəsində uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, proqram və layihələrin hazırlanması, o cümlədən uşaqların fikirilərinin nəzərə alınması, onların maraqlarının qorunması istiqamətində müzkirələrin aparılması, qrup işlərinin, debat, sual-cavab və blits-sorğuların təşkil olunması, eyni zamanda uşaqlar adından müraciət, bəyannəmə sənədlərinin hazırlanması nəzərdə tutulub.
Eləcə də Forum zamanı qardaş Türkiyədə keçirilən 22-ci Ulusal Çocuk Forumu iştirakçıları ilə virtual körpü yaradılacaq.