Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər həyata keçirilir
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” ilə əlaqədar bölgələrdə silsilə maarifləndirici tədbirlər həyata keçirilir.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsindən ibarətdir.
Goranboy, Göygöl, Saatlı, Şüvəlan UADM-ləri tərəfindən orta ümumtəhsil məktəbləri və peşə təhsili müəssisələrində təşkil olunan tədbirlərdə Mərkəz əməkdaşları iştirakçılara uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat veriblər.
Tədbirlər zamanı uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi ilə bağlı Avropa Şurası tərəfindən çəkilmiş “Kiko və əl” adlı məlumatlandırıcı videoçarx nümayiş etdirilib. Daha sonra uşaqlar tərəfindən onların hüquqlarından bəhs edən kiçik səhnəciklər hazırlanıb, həmçinin ictimai yerlərdə maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 noyabr - Ümumdünya Uşaqlar Günü münasibəti ilə həyata keçirilən tədbirlər növbəti günlərdə də davam edəcək.