Regionlarda Beynəlxalq Qızlar Günü münasibətilə maarifləndirmə tədbirləri keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə maarifləndirmə tədbirləri keçirilib.
İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Zaqatala, Ağdam, Zərdab, Göygöl, Şüvəlan UADM-lərinin təşkilatçılığı ilə müvafiq rayonlarda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və peşətəhsili müəssisələrində, Gənclərin İnkişaf və Karyera Mərkəzində, musiqi məktəblərində təhsil alan qızların iştirakı ilə təlim, seminar və mühazirələr keçirilib.
Tədbirlər zamanı qeyd olunub ki, bu günün keçirilməsində əsas məqsəd qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara diqqət yönəltməkdir. Eyni zamanda qızların təhsilə cəlb olunması, erkən nikahların və erkən hamiləliyin fəsadları, məişət zorakılığına gətirib çıxaran səbəblər haqqında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbirlərdə “Erkən nikaha YOX deyək!”, “Təhsil bizim gələcəyimizdir!” adlı sosial çarxlar, eləcə də qəhrəmanlığı və şücayəti ilə qızlarımıza nümünə olan hərbi feldşer Arəstə Baxışova haqqında video-materiallar nümayiş etdirilib.