Azərbaycan nümayəndə heyəti məişət zorakılığı ilə bağlı Tvinninq layihəsi çərçivəsində Avstriyada səfərdədir

6 October 2021

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Avropa İttifaqının, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində 6-8 oktyabr 2021-ci il tarixlərində Avstriya Respublikasına tədris səfəri təşkil olunub.

Tədris səfərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi ilə Dövlət Komitəsi, Ombudsman Aparatı və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri iştirak edir.
Səfərin məqsədi məişət zorakılığı və gender əsaslı zorakılıq sahəsində qurumlararası əməkdaşlıq üzrə praktiki təcrübə mübadiləsinin aparılmasıdır.

Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti ilə Ludwig Boltzmann adına Fundamental İnsan Haqqları İnstitutunda Avstriyada məişət zorakılığı sahəsində çoxsəviyyəli reaksiya vermə sistemi haqqında məlumatdırılmaya dair görüş təşkil edilib. 
Görüşdə İnstitutun elmi direktoru Michael Lysander Fremuth, Qadın, uşaq və əllliyi olan şəxslərin hüquqları və insan haqları sahəsində təhsil üzrə baş elmi işçisi Sabine Mandl və  uşaq hüquqları, insan alveri, uşaqların zorakılıqdan və istismardan qorunması üzrə baş elmi işçi Helmut Saks iştirak ediblər.

Bildirilib ki, Ludwig Boltzmann adına Fundamental İnsan Haqqları İnstitutu insan hüquqları, siyasi reformasiyalar,  sosial ədalət, miqrasiya və digər sahələr üzrə  çalışır, hüquqi və praktiki sahələrdə dövlətlər üçün tövsiyələr hazırlayır, qanunvericiliyin təkmilləşdirilməsinə dəstək verir, təlim kursları və materialları hazırlayır, həmçinin Tvinninq layihəsinin ölkələrdə həyata keçirilməsinə səlahiyyətli orqan kimi müəyyən edilib.

Həmçinin, görüş zamanı Avstriyada məişət zorakılığı ilə mübarizə sahəsində istiqamətləndirmə sahəsi, eləcə də insan alverinin qurbanı olan uşaqlarla bağlı milli istiqamətləndirmə müxanizminə dair təcrübə bölüşülüb. 

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə bu istiqamətdə görülən işlər və ölkə təcrübəsi, həmçinin qəbul edilmiş qanunvericilik aktları haqqında qarşı tərəfi məlumatlandırıb.

Daha sonra “NINLIL” – Əlilliyi olan qadınların səlahiyyətləndirilməsi və konsultasiyası üzrə təşkilatda görüş keçirilib. 

Qeyd edək ki, səfər çərçivəsində Avstriyanın Daxili İşlər Nazirliyi, Ombudsman Ofisində görüşlər keçiriləcək, həmçinin Vyana Qadın Sığınacaq Mərkəzi və Məişət Zorakılığına qarşı Müdaxilə Mərkəzinə ziyarət ediləcək.