Göygöl rayonunda 65 il birgə ömür sürmüş nümunəvi ailə: “Xoşbəxtliyin açarı hər kəsin öz əlindədir. Çalışın ki, o açardan düzgün istifadə edəsiniz”
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı, təməli 1955-ci ildə Qərbi Azərbaycanın Vedi rayonu Xalisə kəndinə qoyulan Qasımovlar ailəsidir.
4 övlad, 12 nəvə, 15 nəticə sahibi olan Abdulla Qasımov və Sədaqət Qasımova 65 il qarşılıqlı sevgi və hörmətin müdafiəçiləri, ailə dəyərlərimizin ləyaqətli daşıyıcıları olublar. Təəssüf hissi ilə qeyd edək ki, Göygöl rayonunun sayılıb-seçilən nümunəvi ailələrindən olan Qasımovlar ailəsinin başçısı Abdulla Qasımov keçən il dünyasını dəyişib.
Xanımı, övladları, dost və tanışları tərəfindən xoş xatirələrlə xatırlanan Abdulla Qasımov əvvəllər Vedi rayon Maarif şöbəsinin metodisti, Şirazlı kənd orta məktəbinin direktoru kimi, 1988-ci ilin məlum hadisələri ilə bağlı Göygölə köçdükdən sonra isə şəhər 2 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. O, müəllim kollektivi, məktəblilər və rayon sakinləri arasında böyük nüfuz qazanaraq 1995-ci ildən 2012-ci ilə kimi keçmiş Xanlar rayon Təhsil Şöbəsində metodist işləyib. 2015-ci ildən isə Göygöl rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərib.
Amma ailə az çətinliklər yaşamayıb. Hətta Abdulla müəllimin xəstəliyinə görə “ömrünə az qalıb” deyərək Sədaqət xanımla ailə qurmasına razılıq verməyiblər, amma bu çətin günlər tezliklə keçir və onlar evlənir, həyatın çətin günlərini birgə yaşayır, xoş anlarını paylaşırlar.
Abdulla müəllim ailəsinin uzunömürlülüyünün sirrini belə görürdü: “Ailədə düzlük, dürüstlük, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və ailədə dostluq da əsas şərtlərdəndir. Ailənin uzunmüddətli olması üçün, hər şeydən əvvəl bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir. Dədə-babadan belə deyiblər ki, ən möhkəm pərdə yaxın adamlar arasında olmalıdır. Yəni çöldə-bayırda kimdənsə xoşun gəlməsə, ortaya narazılıq çıxsa, üzünü çevirib gedərsən, məsələ də bununla bitər. Ancaq ailədə kimdənsə üz çevirib getmək, küsmək nə asan işdir, nə də bu addımı atmaq olar. Ona görə də mən hər zaman ailə münasibətlərində qarşılıqlı hörmətin birinci yerdə durmasını istəmişəm”.
61 illik ailənin belə yaşamasının səbəbi ailədə olan məhəbbətdir, hörmət və bundan qaynaqlanan birlikdə çəkilən əzab-əziyyətdir. Bu uzunömürlü ailədə Sədaqət xanımın rolu danılmazdır. Sədaqət xanım ailə qurarkən 15 yaşı olub. Onun fikrincə həyatda ən böyük uğuru övladlarına verdiyi yüksək tərbiyədir: “65 ildə çox problemlərlə üzləşmişik. Ancaq öhdəsindən gəlməyi bacarmışıq. Aramızdakı hörməti sarsıtmamışıq. Ailədə qadın da, kişi də səbirli olmalıdır. Hər şeyi məhz səbirlə həll etmək lazımdır. Xoşbəxtliyin açarı hər kəsin öz əlindədir. Çalışın ki, o açardan düzgün istifadə edəsiniz. Bizim kimi”.
Sonda gözəl münasibətləri, maraqlı həyat hekayəsi ilə yetirmələrinə, gənclərə nümunə olan Qasımovlar ailəsinin başçısı Abdulla müəllimə Allahdan rəhmət diləyir, onun xatirəsini yaşadan xanımı Sədaqət Qasımovaya möhkəm can sağlığı, böyük ailəsinə xoşbəxtlik arzu edirik. Ümid edirik ki, bu ailənin uzunömürlülük ənənəsi hələ neçə-neçə nəsillərlə davam edəcək.