Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iştirakı ilə seminar keçirildi

19 April 2016

Share:

Aprelin 18-də Sumqayıt şəhərindəki Tarix Muzeyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və Abşeron rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iştirakı əsasında seminar keçiriib.

      Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə görüşün məqsədi və ölkədəki vəziyyətlə bağlı çıxış edərək, bu sahədə boşluqların aradan qaldırılması üçün öz tövsiyələrini verib. Qeyd edilib ki, ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrasına uyğun olaraq övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması və bu məqsədlə yerlərdə monitorinq qruplarının yaradılması nəzərdə tutulub. Bütün rayonlarda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli icra orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupları yaradılıb. Onlar yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva məişət zorakılığının qarşısının alınması ilə bağlı Sumqayıt şəhərində mövcud vəziyyət haqqında məlumat verərək, məişət zorakılığının ciddi sosial problem olduğunu və qarşısının alınmasında əhalinin maarifləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini, bəzən qadınların əksəriyyətinin öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmamasının məişət zorakılığına və qadın hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib.

Komitənin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı çıxış edib və monitorinq qrupunun nümayəndələrinin suallarını cavablandırıb.

Sonra Komitənin regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığına məruz qalmış uşaqlara sosial xidmətlərin göstərilməsi sahəsində vəziyyət haqqında məlumat verərək, bu sahədə beynəlxalq təcrübədən misallar gətirib.

“Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva məişət zorakılığının qarşısının alınması sahəsində ictimai birliyin gördüyü işlər haqqında məlumat verib və məsələ ilə bağlı təkliflərini təqdim edib.

Sonda hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və sosial sahələr üzrə nümayəndələrin çıxışları dinlənilib.

Monitorinq qruplarının üzvləri öz çıxışlarında məişət zorakılığı qurbanlarının effektiv şəkildə müdafiəsi üçün qurumlararası əlaqələndirmənin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıblar.