Çili Səfirliyinin Müvəqqəti işlər vəkili cənab Fidel Koloman Dövlət Komitəsinin qonağı olub
Share:
9 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Çili Səfirliyinin Müvəqqəti işlər vəkili cənab Fidel Koloman ilə görüşüb.
Qonağı salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova görüş təşəbbüsü üçün minnətdarlığını bildirib. Azərbaycan ilə Çili arasında əlaqələrin tarixən dostluğa söykəndiyini bildirən sədr müavini, ikitərəfli münasibətlərin, o cümlədən hökumətlər və parlamentlərarası əlaqələrin inkişafının önəmini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin fəaliyyəti haqqında geniş məlumat verən S.Qəhrəmanova qeyd edib ki, kişi və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması, qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
S. Qəhrəmanova 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin qadın hüquqlarının həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində atılmış vacib addımlardan olduğunu bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyini bildirən sədr müavini, sənədin dövlətin bu sahəyə göstərdiyi diqqətin təzahürü olduğunu vurğulayıb
Komitənin strukturuna daxil olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumatı diqqətə çatdıran sədr müavini onu da əlavə edib ki, bütün bunlarla yanaşı ailə münaqişəsi zəminində zərərçəkənlərlə həm bu Mərkəzlər, həm də bu sahədə fəaliyyət göstərən sığınacaqlar tərəfindən sosial, psixoloji dəstək göstərilir.
BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi haqqında məlumatı diqqətə çatdıran S. Qəhrəmanova layihə çərçivəsində rayon və kənd yerlərində yaşayan qadınların seçdiyi fəaliyyət sahəsində bilik və bacarıqlarının təkmilləşdirməsi, ictimai həyatın bütün sahələrində fəallığının artırılması məqsədilə Qadın Resurs Mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb. Həmçinin ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunan “Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası” haqqında məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Çili Səfirliyinin Müvəqqəti işlər vəkili cənab Fidel Koloman Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib, həmçinin Çilidə qadınların təmsilçiliyi və inkişaf səviyyəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, 1990-cı ildə Çilidə demokratik hakimiyyət bərpa olunduqdan sonra qadınların hüquqlarına daha çox diqqət yetirilməyə başlanılıb. Daha sonra hökumət tək və işləyən qadınlara güzəştlərlə bağlı qanun imzalayıb, uşaqlara qayğı və analıq məzuniyyəti hüququ tanınıb, həmçinin qadınların hökumətdə təmsilçiliyi ilə bağlı kvota yaradılıb.
Görüş zamanı qadınların ictimai-siyasi həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, iqtisadi cəhətdən gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi ailə, qadın və uşaq məsələləri sahəsində də daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov iştirak edib.