Biləsuvar Qadın Resurs Mərkəzində gənclər arasında sosial teatr keçirilib

20 August 2021

Share:

20 avqust 2021-cil il tarixində Biləsuvar Qadın Resurs Mərkəzində “Ritual Mobil Teatr Laboratoriyası” ilə birgə həyata keçirilən gənclər arasında 5 günlük sosial teatrın yekun tədbiri keçirilib.

Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə həyata keçirdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılması” komponenti çərçivəsində həyata keçirilib.

16 nəfər gəncin iştirak etdiyi beşgünlük tədbirin məqsədi gəncləri gender mövzusunda maarifləndirmək və gender əsaslı zorakılıqla birgə mübarizədə həm oğlanların, həm də qızların rolunun önəmini aşılamaqdır. Tədbir zamanı gənclər dörd gün ərzində öyrəndiklərini erkən nikah, məişət zorakılığı və selektiv abort mövzularını əhatə edən tamaşalarla nümayiş etdiriblər.

Çıxış edən BMTİP-nin layihə müşaviri Günel Məmmədova layihə haqqında iştirakçılara məlumat verib və icma üzvlərini gender-əsaslı zorakılıqla mübarizədə fəal iştirak etməyə dəvət edib.

İzləyicilərlə tamaşalar arası müzakirələrdə iştirak edən Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova iştirakçılara təşəkkürünü bildirərək gənc nəslin bu mövzuda məlumatlı və təşəbbüskar olmasının vacibliyini vurğulayıb. Bundan əlavə S. Rəhimova Komitənin gender-əsaslı zorakılıqla bağlı gördüyü tədbirlər barədə də iştirakçılara məlumat verib.

Tədbirdə BMTİP-nin layihə əməkdaşı Nadir Quluzadə, Biləsuvar rayon İcra Hakimiyyəti nümayəndələri, Biləsuvar Heydər Əliyev Mərkəzi əməkdaşları, Qadın Resurs Mərkəzi üzvləri, gənclər və valideynlər iştirak ediblər.

#GücünüYoxSevginiGöstər