Komitədə litvalı ekspertlərin iştirakı ilə görüş keçirilib

8 July 2021

Share:

8 iyul 2021-ci il tarixində Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi”  adlı Tvinninq layihəsi çərçivəsində beynəlxalq ekspertlərlə görüş keçirilib.

Layihənin rəhbəri Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq, layihə çərçivəsində məişət zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haaqında məlumat verib.

Litvanın Vilnüs Universitetini təmsil edən ekspertlər “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.7.6-cı bəndinə uyğun olaraq Monitorinq Qrupunun işinin təkmilləşdirilməsi ilə bağlı irəli sürülən təklifləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununa “Məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə üçün təşkilati əsaslar” adlı əlavə fəslin daxil edilməsi, Komitənin məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə üzrə Milli Koordinator kimi təyin edilməsi, məişət zorakılığı qurbanları üçün Milli Qurumlararası Koordinasiya Mexanizminin yaradılması, məişət zorakılığının qarşısının alınmasında və mübarizədə monitorinq funksiyalarının və monitorinq qruplarının mandatlarının gücləndirilməsi, Xüsusi Fəaliyyətlərə dair Rəhbər Qaydalar qəbul edərək monitorinq qrupları tərəfindən yerinə yetirilən Monitorinq Funksiyalarının Səmərəliliyinin Artırılması və Komitə, yerli icra hakimiyyətləri və monitorinq qruplarını birləşdirən Koordinasiya Mexanizminin yaradılması kimi təklifləri səsləndiriblər.

Komitə əməkdaşları təklifləri müsbət qiymətləndirərək, təşəkkürlərini bildiriblər. onlar Azərbaycanda bu istiqamətdə güclü qanunvericilik bazasının olduğunu və daim təkmilləşdirildiyini vurğulayıblar.