“Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində yekun görüş keçirildi
Share:
27 may 2021-ci il tarixində “Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Uşaq Səfirlər məclisinin üzvləri, eləcə də, respublikanın regionlarından olan istedadı və fəallığı ilə seçilən 100-ə yaxın uşağın iştirakı ilə onlayn görüş təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Uşaq Səfirlər məclisinin üzvü Aydan Hacıyeva layihə çərçivəsində keçirilən silsilə görüşlərin yekunu kimi bu görüşün əhəmiyyətini xüsusi qeyd edərək, uşaqlara Bahar Muradovanın ictimai-siyasi fəaliyyəti, əldə etdiyi nailiyyətləri haqqında ətraflı məlumat verib.
İştirakçıları salamlayan Komitə sədri layihə çərçivəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib. O, xüsusilə bugünki görüşün çox vacib bir ərəfədə - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb.
B. Muradova bildirib ki, bu gün bu barədə danışmaqla Cümhuriyyət qurucularının müstəqil Azərbaycan dövləti qurmaq üçün göstərdikləri fədakarlıqlara, xalqımızın azadlıq ideallarına, ideaları reallığa çevirən Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram göstərmiş, həmçinin Azərbaycan Dövlətinin bugün dünyada sayılıb seçilən güclü dövlətə çevirən İlham Əliyevin bu illər ərzində göstərdiyi xidmətlərə qiymət vermiş oluruq. Bu günü əlamətdar edən ikinci cəhət odur ki, son illərdə ərazi bütövlüyümüzün pozulması, yüz minlərlə insanlarımızın qaçqın və köçkünə çevrilməsinə gətirib çıxaran Dağlıq Qarabağ probleminə Azərbaycan öz gücü ilə son verdi: “Bu gün əldə etdiyimiz şanlı Zəfər, 44 günlük Vətən müharibəsinin nəticəsində qazandığımız qələbə söyləməyə imkan verir ki, biz babalarımızın ideallarının ən layiqli varisləri və davamçılarıyıq. Biz hər birimiz inanmalıyıq ki, çox güclü bir xalq və güclü bir dövlətik. Güclü dövlətdə hər bir kəs, xüsusilə uşaqlar təhlükəsiz, azad, rahat və firavan şəkildə yaşayır, təhsil alır, sağlam böyüyürlər və gələcəyimiz üçün əsil şəxsiyyət kimi formalaşırlar.”
Daha sonra görüş uşaqların suallarına Komitə sədrinin səmimi və açıq cavabları şəklində davam edib.
Sonda tədbir iştirakçıları səmimi görüşə və sualların ətraflı cavablandırılmasına görə Komitə sədrinə təşəkkürlərini bildirərək, bu cür görüşlərin onların gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə ediblər.