Çilov adasında uşaq hüquqlarına dair təlim keçirilmişdir
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarına dair məlumatlılığın və uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eyni zamanda uşaq iştirakçılığının təmin olunması istiqamətində tədbirlərin təşkilinə xüsusi önəm verir. Təşkil edilən tədbirlərdə Azərbaycanın bütün bölgələrindən olan uşaqların iştirakına diqqət yetirilir. Bu məqsədlə “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda növbəti tədbir Komitə və Pirallahı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 may 2016-cı ildə Çilov adasında yerləşən R.İbrahimovun adına 131 saylı tam orta məktəbdə 5-11-ci sinif şagirdləri üçün keçirilmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, həmin şöbənin müdir müavini Aidə Seyidli, şöbənin əməkdaşları Könül Tağızadə və Fərid Ədilov, Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı Lalə Məlikova, Pirallahı rayon İH başçısının Çilov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham İbrahimov, 131 saylı tam orta məktəbin direktoru Rəfael Musayev iştirak etmişdir. Tədbiri giriş sözü ilə 131 saylı tam orta məktəbin direktoru Rəfael Musayev açaraq bu cür təlimin Çilov adasında keçirilməsində göstərdikləri təşəbbüs üçün təşkilatçılara təşəkkür etmişdir. Daha sonra Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək uşaq hüquqlarına dair keçirilən təlimin əhəmiyyətini qeyd etmişdir. “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda keçirilmiş təlim uşaqlarla aktiv müzakirələr şəklində aparılmış, uşaqlara mövzu ilə bağlı ətraflı məlumat verilmiş, maarifləndirici vəsaitlər paylanılmışdır.