Qaradağ, Sabunçu və Xəzər rayonlarında “açıq qapı” günləri keçirilir
Share:
18 may 2021-ci il tarixindən etibarən Qaradağ və Sabunçu rayonlarında İcra Hakimiyyətləri ilə birgə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “açıq qapı” günləri keçirilir.
Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycanın bütün bölgələrini əhatə edən tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətinin bir daha ailə məsələlərinə yönəldilməsi, ailə institutunun möhkəmləndirilməsi, sağlam və güclü ailələrin təbliğ edilməsidir.
Silsilə tədbirlərin davamı olaraq, keçirilən “açıq qapı” günlərində psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə ailələr üçün məsləhət xidmətləri təşkil olunub.
Aksiyanın ilk günündə 51 vətəndaş tərəfindən valideyn - övlad münasibətlərinin tənzimlənməsi, ailədaxili münasibətlərdə gərginliklər, yeniyetmələrin davranışındakı mənfi hallar, uşaqlarda diqqət yayınması problemi, uşaq inkişafının gerilməsi, qazi və şəhid uşaqlarının psixoloji durumunda rast gəlinən emosional sarsıntılar, sosial təminat, aliment alınmasında hüquqi dəstək və digər istiqamətlərdə daxil olmuş müraciətlərə baxılıb.
Aksiya may ayının 21-dək davam edəcək.