Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir

27 September 2016

Share:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 8 rayonu əhatə edəcəkdir. Artıq Qazax, Şəmkir, Lənkəran bölgələrində keçirilən seminarlarda 90 nəfər qadın və kişi iştirak etmişdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.

Layihə üzrə növbəti seminar Astara rayonunda təşkil edildi. Astara rayon İcra hakimiyyətinin təşkilatşılığı ilə seminarda rayon və kənd məktəblərinin direktorları, müəllimlər, polis əməkdaşı, mədəniyyət sahəsində çalışanlar, bələdiyyə sədri və digər kənd ziyalıları iştirak edirdilər.  Seminarı Astara rayon İcra hakimiyyətinin nümayəndəsi Emin Fətəliyev açaraq layihə çərçivəsində növbəti seminarın Astara rayonunda salınmasına görə təşəkkürünü bildirdi və layihənin əhəmiyyətindən bəhs etdi. E.Fətəliyev o, son zamanlar Komitənin bu sahədə apardığı davamlı tədbirlərin yerlərdə verdiyi müsbət nəticələr barədə məlumat verərək bildirdi ki, Astara rayonunda məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq gücləndirilib və belə tədbirlərin kəndləri əhatə etməsi layihənin uğurudur. Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi. Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və Komitənin Ailə, Qadın jurnalı metodiki vəsait kimi iştirakçılara paylanıldı. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 10 oktaybr 2010-cu ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orederi və s. haqqında ətraflı məlumatlar verilmişdir. Seminarlarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova iştirak etmişdir. Həmçinin GİZ-in nümayəndəsi Gülər Səfərova seminarlarda iştirak etmişdir.

Seminarın məqsədi insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübatrizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsidir.

Seminarın sonunda Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova iştirakçılar adından Komitəyə və GİZ-ə maraqlı və faydalı maarifləndirmə işləri həyata keçirdiklərinə görə minnətdarlıq etdilər və bu tədbirlərin davamlı olması arzularını ifadə etdilər.

Seminarlar zamanı həmçinin bəzi iştirakçılara onların xahişləri əsasında yerindəcə hüquqi və psixoloji məsləhətlər verildi.