“Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” mövzusunda onlayn tədbir keçirildi

27 April 2021

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, müəllimlər və valideynlər üçün “Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” mövzusunda onlayn tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu istiqamətdə ilk onlayn görüş 27 aprel 2021-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin müəllim və valideynləri üçün keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təranə Qasımova tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova əhali arasında ailə dəyərlərinin və ənənələrinin təbliği və bu sahədə maarifləndirmə işinin genişləndirilməsi istiqamətində “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edib.

Komitənin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva “Biz öz övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” adlı təqdimatla çıxış edərək, uşaqların yaş xüsusiyyətləri, valideyn-uşaq münasibətləri haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Yekunda mövzu ətrafında müzakirələr aparılıb.